Gündə nə qədər saç tökülməsi normaldır?
Saçı darayanda 7–8 telin tökülməsi normal sayılır, 15–20 tel isə artıq problem əlamətidir. Gün ərzində 60-a qədər saçın tökülməsi normaldır. Gündə 100–200 saç tökülürsə, bu, ciddi problem göstəricisidir.
Niyə bu gün saç tökülməsi ilə müraciət edənlər çoxdur?
Saç tökülməsi əvvəllər də olub, lakin indiki qədər geniş yayılmamışdı. Zamanla saç tökülməsinə təsir edən amillər artıb. Urbanizasiyanın təsiri ilə bəzi insanlar qida ilə kifayət qədər vitamin və mikroelement qəbul etmir. COVID-19-dan sonra da saç tökülməsi halları xeyli artıb.
Saç tökülməsinin əsas səbəbləri
- autoimmun xəstəliklər;
- hormonal balansın pozulması;
- infeksion xəstəliklər;
- stress;
- mikroelement çatışmazlığı, məsələn, sink və dəmir çatışmazlığı;
- saç diblərinə zərər verən sıx hörüklər və saç yığımları.
Niyə özbaşına vitamin qəbul etmək kömək etməyə bilər?
Bəzən bir nəfər hansısa vitamini qəbul edir, saç tökülməsi dayanır və o, həmin vitamini hamıya məsləhət görür. Rəfiqəsi eyni vitamini qəbul edir, amma nəticə olmur. Səbəb sadədir: problem eyni görünsə də, səbəb fərqlidir. Səbəb tapılmadan vitamin qəbul etməyin faydası olmaya bilər.
Eyni qayda stressə də aiddir. İnsan saç tökülməsini stresslə əlaqələndirə bilər, amma tökülmə hansısa daxili problemlə bağlı ola bilər. Diaqnozu xəstə özü qoymamalıdır — bunu mütəxəssis etməlidir.
Saçı az daramaq tökülməyə səbəb olurmu?
Bununla bağlı elmi araşdırma yoxdur. Darama masaj kimi baş dərisinin mikrosirkulyasiyasına müsbət təsir göstərir: damarlar genişlənir, saç köklərinə daha çox qan gəlir. Lakin saçı daramamaq saç tökülməsinin ciddi səbəbi deyil.
Şampun saç tökülməsini dayandırırmı?
Kosmetik şampunların güclü müalicəvi təsiri yoxdur, onlar yuyucu vasitə kimi istifadə olunur. Müalicəvi şampunlar isə problem baş dərisi ilə bağlıdırsa effekt göstərə bilər. Səbəb daxili orqanlarla bağlıdırsa, şampunun rolu olmayacaq. Müalicəvi şampunları yalnız həkim təyin etməlidir.
Sağlam saçlar üçün gündəlik qaydalar
- Şampunu saç tipinə görə seçin. Quru saçı yağlı saçlar üçün nəzərdə tutulmuş şampunla yuduqda saç daha da quruyur.
- Düzgün qidalanın. Rasion vitamin və mikroelementlərlə zəngin olmalıdır. Yalnız fast-food ilə qidalanan insanın saçı və dərisi də bundan təsirlənir.
- Spirtli içki və siqaretdən uzaq durun. Onlar saçlara mənfi təsir göstərir.
- Kifayət qədər su için — gün ərzində təxminən 2 litr.
- Saç boyalarında diqqətli olun. Perekis tərkibli sarıldıcı boyalar saçları zədələyir və saç telinin nazikləşməsinə səbəb ola bilər.
Nə vaxt həkimə müraciət etmək lazımdır?
Saç tökülməsi normadan çoxdursa və 2 aydan artıq davam edirsə, dermatoloqa müraciət edin. Müayinə zamanı trixoskopiya aparılır, lazım olduqda qan analizləri təyin edilir və müalicə tökülmənin səbəbinə uyğun seçilir. Saç tökülməsinin müalicəsi
Bu məqalə maarifləndirmə məqsədi daşıyır və həkim müayinəsini əvəz etmir.